Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirildi

Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.”