Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq. Əgər bu iqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaq. Əgər demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tam əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir. O ölkələrin tam əksəriyyəti dünyada inkişaf etmiş ölkələr kimi tanınır. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olsun. Çünki bunu etmək üçün bizim bütün imkanlarımız var: istedadlı insanlar, çox açıq-aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, bizim coğrafi vəziyyətimiz. Əminəm ki, bu vaxta qədər aparılan siyasət bizə bu imkanı yaradacaq. Biz çalışmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Baxmayaraq ki, bu nailiyyətlər də çox böyükdür, ancaq biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün, Azərbaycanda bundan sonra da sabit inkişafı təmin etmək üçün, Azərbaycan xalqının bundan sonra da təhlükəsizlik şəraitində yaşaması üçün biz hər gün çalışmalıyıq. Hamı - cəmiyyətin bütün üzvləri, bütün Azərbaycan xalqı çalışmalıdır. Bu həmrəylik bu gün Azərbaycanda var. Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və mən bir daha demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir.”