Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə İlham Əliyev inamlı qələbə qazandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcək. Yeni zavodlar, fabriklər istifadəyə veriləcək. Sahibkarlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi var. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək”.